Bu tarix 30 iyun 1989-cu ildə ailə quran İlham və Fərizə Allahverdiyevlərlə bağlıdır. BakuPlus olaraq bu günün tarixçəsini sizə təqdim edirik.
1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu hesab edilir.
Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girməsi ilə İlham şəhidlik zirvəsinə ucaldı.
Həyat yoldaşının həlak olduğunu eşidən Fərizə onsuz bu həyatı yaşamaq istəməyərək intihara cəhd edib. Doğmalarının ona mane olması ilə Fərizənin ilk cəhdi boşa çıxıb. Buna baxmayaraq, o, fikrindən dönmədi. Fərizə doğmalarına vida məktubu yazıb, İlhamsız yaşaya bilməyəcəyini bildirərək sirkə içdi, bətnindəki körpəsi ilə birlikdə əbədiyyən gözlərini yumdu.
Bu faciəvi hadisə azərbaycanlılar üçün əsl məhəbbət və sədaqət bayramı oldu. Azərbaycanda Sevgililər Günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir.
1989-cu ilin 30 iyununda “Vağzalı” sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır.
Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham evdən çıxır. O, həmin gecə hazırkı “20 Yanvar” dairəsində vurulub.