Yaxın vaxtlarda növbəti dərs ili üçün yeni məktəbli formasının tikilməsinə başlanılacaq. Lakin hazırda məktəbli geyimlərinin dəqiq qiyməti məlum deyil.
Azərbaycanda məktəbli formalarının istehsalı və satışı ilə məşğul olan “Bakı Tikiş Evi” (BTЕ) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov Modern.az-a açıqlamasında bildirib ki, yeni məktəbli formasının tikilməsi üçün parça Bakıya hələ ki, gətirilməyib.
“Ona görə hələ qiyməti də deyə bilmirik. Xərcimiz bilinəndə qiyməti müəyyənləşdirə biləcəyik. Parçalar sifariş edilib, iyulun 25-nə kimi Azərbaycanda olmalıdır. Biz nümunə üçün istehsala başlamışıq. Amma parçalar gəldikdən sonra, avqustdan intensiv tikilişlərə davam edəcəyik”.
Əzimov qiymət artımını istisna etməyib: “Builki parçalar daha keyfiyyətli olacaq. Geyimlər pambıqdan və yundan ibarətdir. Bu da, təbii ki, əvvəlki məktəbli formaları ilə müqayisədə qiymətin artmasına təsir edə bilər”.