Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş kitabın təqdimatı baş tutacaq. Bu haqda 4 iyun tarixində Bakuplus.az məlumat verib.
Vaqif Səmədoğlunun anadan olmasının ildönümü münasibətilə şairin həyat yoldaşı Nüşabə Vəkilovanın böyük sənətkar haqqında yazdığı “Mən sənin yuxunam” adlı xatirələr kitabının təqdimatı və imza günü baş tutacaq. Tədbir 5 iyun saat 16:00-da “Libraff” kitab mağazasının "Park Akademiya" filialında keçiriləcək. Giriş sərbəst olacaq.
Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Xalq yazıçısı 5 kitab, 8 dram əsəri, 56 şeir yazıb. Onun yazdığı “Bəxt üzüyü” pyesinin motivləri əsasında 1991-ci ildə eyniadlı film çəkilmişdir.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib və 29 yanvar tarixində Birinci Fəxri xiyabanda dəfn olunub.