Bakıda qazi tanışını güllələyib. Bu haqda 9 avqust tarixində Qafqazinfo məlumat verib.
35 yaşlı Vətən müharibəsi qazisi Tural Məmmədov barəsində CM-in “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə açılmış iş üzrə hökm elan edilib. Hökmə əsasən, Məmmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Belə ki, bu il fevralın 21-də Tural Məmmədov tanışı olan İlkin adlı şəxsi “Escort” markalı tüfənglə güllələyib. Səbəb isə Turalın Binə qəsəbəsinin daxilində marşrut xətti üzrə avtobusu istismara verməsi olub.
Həmin ərazidə marşrut xətti işlədən Əfqan adlı şəxs Turalın avtobusu istisamara verdiyini görüb və ona məxsus avtobusun qarşısını kəsərək hərəkətinə mane olub. Tural nəqliyyat vasitəsindəki sərnişinləri düşürərək öz avtobusunun fəaliyyətini davam etdirib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb və Əfqan Tural ilə görüş təyin edib. Əfqan görüşə İlkin adlı qohumu ilə, Tural isə avtomobilinə silah qoyaraq gəliblər.
Görüş zamanı Tural ilə İlkinin arasında sözlü mübahisə başlayıb və o, özü ilə gətirdiyi tüfənglə İlkinə atəş açaraq ona qarın nahiyəsindən ağır xəsarətlər yetirib. Hadisə yerinə özünü çatdıran Tural Məmmədovun qardaşı Vüsal Məmmədov silahı onun əlindən alıb.
Məhkəmədə məlum olub ki, Tural Məmmədovun psixoloji problemləri var.
Həmçinin zərərçəkmiş şəxs Turalı bağışladığını, onun həbsdən azad edilməsini istədiyini deyib.
Məhkəmə Məmmədovun ilk dəfə cinayət törətməsini, Vətən müharibəsində rəşadətlə iştirak etməsini, günahını səmimi etiraf etməsini, zərərçəkmiş tərəfin şikayətçi olmamasını, onun 5 ay 12 gün (bu il fevralın 22-dən) həbsdə saxlanılmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edib.