Şəmkirdə itkin düşən qadın Bakı ərazisində tapılıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 18 avqust tarixində xəbər verir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, avqustun 7-də yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 24 yaşlı Asimə Məmmədova Bakı şəhəri ərazisində tapılıb.
E.Qasımov bildirib ki, qadınla profilaktiki söhbət aparıb. Məlum olub ki, A.Məmmədova öz istəyi ilə evi tərk edib və Bakıya gəlib. Qadının həyatı üçün hər hansı bir təhlükə yoxdur.
Hazırda digər aidiyyəti qurumlarla araşdırmalar davam etdirilir.
Qadın, evdən getmə səbəbi kimi əri və onun valideynləri ilə birlikdə yaşamaq istəmədiyini göstərib.