Bu günlərdə Ramiz Mehdiyevin Azərbaycanın yüksək dövlət təltiflərindən məhrum edilməsi məsələsi gündəmə gəlib. Yeni Azərbaycan Partiyasının İdarə Heyəti onun partiya üzvlüyündən xaric olunması barədə qərar qəbul edib, bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı isə aidiyyəti üzrə vəsatət qaldırılmasını məqsədəuyğun hesab edib.
Bakuplus.az xəbər verir ki, Mehdiyev müxtəlif illərdə Azərbaycanın ən yüksək dövlət ordenlərinə layiq görülüb. Onların arasında "İstiqlal", "Şərəf", "Şöhrət" və "Heydər Əliyev" ordenləri var.
YAP-ın İdarə Heyətinin iclasında çıxış edən sədr müavini Əli Əhmədov və digər üzvlər Mehdiyevin partiya sıralarında qalmasının məqsədəuyğun olmadığını bildiriblər. Müzakirələrdən sonra onun partiya üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul edilib. Eyni zamanda, bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılması məqsədəuyğun sayılıb.
Bir zamanlar siyasət kulislərində "Boz kardinal" adlandırılan Ramiz Mehdiyev YAP-ın irəli sürdüyü təşəbbüs çərçivəsində dövlət təltiflərindən məhrum edilə bilər. Mehdiyev 2008-ci ildə dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin inkişafındakı xidmətlərinə görə "İstiqlal", 2013-cü ildə isə "Şərəf" ordeni ilə təltif olunub. O, 2018-ci il aprelin 16-da dövlətçiliyin möhkəmləndirilməsi və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət", 23 oktyabr 2019-cu il tarixli sərəncamla isə dövlət idarəçiliyi və elmin inkişafı sahəsindəki xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeninə layiq görülüb. 2021-ci ilin dekabrında isə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə də təltif olunub.
Uzun illər Azərbaycanın siyasi və dövlət idarəçiliyi sistemində mühüm vəzifələr tutmuş Ramiz Mehdiyevin mükafatları yalnız Azərbaycan ordenləri ilə də məhdudlaşmır. Onun bioqrafik məlumatlarında keçmiş SSRİ-nin "Qırmızı Əmək Bayrağı" ordeni, Rusiya Federasiyasının "Dostluq" və "Şərəf" ordenləri, eləcə də müxtəlif medallar qeyd olunur. Xarici dövlətlərin ordenlərinin ləğvi avtomatik baş vermir və bu məsələ həmin dövlətlərin qanunvericiliyindən asılıdır.
Azərbaycan dövləti tərəfindən verilən ordenlərə gəldikdə isə cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edilən şəxs məhkəmənin qərarı ilə dövlət təltifindən məhrum edilə bilər. Dövlətə xəyanət və digər maddələrlə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı iclasda araşdırılır.