Abşeron rayonu, Masazır qəsəbəsində sakinlər elektrik enerjisinin olmamasından əziyyət çəkir.
Bakuplus.az-a müraciət edən sakinlərin sözlərinə görə, Əliağa Vahid, Rafiq Dünyamalıyev, Hüseyn Cavid və Şəhid Zaur Dövlətov küçələrində dünən axşam saatlarından elektrik enerjisi yoxdur.
Şikayətçilər bildiriblər ki, artıq 11 saata yaxındır işıqsız qalıblar. Onların sözlərinə görə, "Azərişıq"ın qaynar xəttinə zəng etdikdə ya konkret məlumat, ya da zənglərə ümumiyyətlə cavab verilmir.
Vətəndaşların sözlərinə görə, ərazidə elektrik enerjisinin kəsilməsi halı dəfələrlə təkrarlanır və hər dəfə əhali saatlarla işıqsız qalır.
Masazır sakinləri problemin aradan qaldırılmasını və elektrik enerjisinin verilişindəki fasilələrin səbəbinin açıqlanmasını tələb edirlər.