Xəzər rayonunun Türkan qəsəbəsində sakinlər elektrik enerjisinin kəsilməsindən narazılıq ediblər.
Oxu.аz-a müraciət edən qəsəbə sakini bildirib ki, ötən gün qəsəbədə işıq problemi yaşanıb.
"Abonentlərdən biri elektrik xəttinə müdaxilə edib deyə, digərlərinin də işığını kəsiblər", - deyə şikayətçi bildirib.
Şikayətçi bildirib ki, nəticədə digər sakinlərin evlərinə gedən elektrik xətləri də transformatordan ayrılıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, hadisə ötən gün gündüz saatlarında baş verib və bərpa müddəti iki saat vaxt aparıb.
"Qəsəbə sakini Atəş Əliyevin "Azərişıq" ASC-yə 4 000 manat borcu yaranıb. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilsə də, vətəndaş pulu ödəməyib. Daxil olan müraciət əsasında, əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilərkən məlum olub ki, həmin vətəndaş transformatordan evinə kustar üsulla gizli elektrik xətti çəkib.
Bu da təbii ki, transformatorda problem yaradıb və onun müəyyən hissələrinin yanmasına səbəb olub. Nəticədə bir neçə küçənin elektrik təminatında fasilə yaranıb və bəzi küçələr işıqsız qalıb.
Onu da qeyd etmək istərdik ki, vətəndaşın özbaşına və qanunsuz törətdiyi bu əməllə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub", - deyə məlumatda vurğulanıb.