Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki növbəti 4 təhsil müəssisəsinə Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən hazırlanmış Məktəbin İnkişaf Planı təqdim olunub. Bu haqda BakuPlus.az bu gün, 16 may tarixində xəbər verir.
Bununla bağlı keçirilən görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, TDM-in direktoru İlkin Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, metodistlər, Məktəbin İnkişaf Planının hazırlanmasında iştirak edən paytaxtın 101, 106, 191 və 259 nömrəli ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
BŞTİ müdiri Mehriban Vəliyeva şagirdlər və valideynlərlə görüşüb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Görüşdə Məktəbin İnkişaf Planı hazırlanmış 4 ümumi təhsil müəssisəsində bu istiqamətdə fəaliyyətlərin təşkili və izlənilməsi, prosesin vahid mexanizminin formalaşdırılması ilə bağlı atılacaq addımlar barədə müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Məktəbin İnkişaf Planının sxem və strukturuna dair təqdimat nümayiş olunub.
Məktəbin İnkişaf Planının həyata keçirilməsi prosesinin izlənilməsi məqsədilə məktəblərdə aylıq operativ monitorinqlər aparılacaq.