Bakıda Səhnə teatrı “Qaranlıqdan işığa” adlı tamaşasını nümayiş etdirib. Bu haqda BakuPlus.az teatrın mətbuat xidmətinə istinadən bu gün, 17 avqust tarixində xəbər verir.
Narkomaniyaya qarşı dövlətin və cəmiyyətin apardığı mübarizəyə dəstək məqsədilə göstərilən tamaşa ilk olaraq 16 avqustda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında oynanılıb.
Nümayişdən əvvəl həkim-narkoloq Asif Kəngərli “Narkomaniya, alkoqolizm və tabakomaniyanın fəsadları” mövzusunda çıxış edib.
Daha sonra “Qaranlıqdan işığa” tamaşası nümayiş olunub.
Tamaşa narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.
Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.
Sözügedən tamaşa 20 avqust tarixində Şüvəlan Qəsəbə Mədəniyyət Evində, 25 avqustda isə Əmircan Qəsəbə Mədəniyyət Evində də nümayiş olunacaq.
Tamaşanın bölgələrimizdə də nümayişi nəzərdə tutulur.