Bu gün, 30 aprel tarixində Azərbaycanın sabiq gənclər və idman naziri Azad Rəhimovun vəfatından bir il ötür. Bu haqda Bakuplus.az məlumat verir.
Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi ikinci Fəxri xiyabanda mərhumun məzarını ziyarət ediblər, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə 134 saylı məktəbdə, 1981-1986ci illərdə isə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində təhsil almışdır. O, 2006-cı ildə Gənclər və İdman Naziri vəzifəsinə təyin olunub və 2021-ci il, ölüm tarixinədək həmin vəzifədə çalışıb.
Azad Rəhimov Azərbaycanda gənclər və idman sahəsi ilə bağlı keçirilmiş irimiqyaslı layihələrin fəal iştirakçılarından biri olmuşdur.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 2021-ci il aprelin 30-da ABŞ-da uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Azad Rəhimov Bakıda, II Fəxri Xiyabanda dəfn edilmişdir.