Azərbaycanın görkəmli diplomatı Vəhdət Sultanzadə martın 27-də 86 yaşında vəfat edib. Bu haqda bu gün, 28 mart tarixində Report mərhumun ailəsinə istinadən məlumat verib.
Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci il oktyabrın 14-də Bakı şəhərində anadan olub.
Vəhdət Sultanzadə 50 ildən artıq Azərbaycan SSR Xarici İşlər Nazirliyində, Rusiya Federasiyasında, Azərbaycan Respublikasında müxtəlif rəhbər vəzifələrdə - protokol, konsulluq xidməti, informasiya və mətbuat idarəsinin rəisi, İslam Konfransı Təşkilatı, Yaxın və Orta Şərq Nazirliyinin müşaviri, Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müşaviri vəzifələrində çalışıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə Vəhdət Sultanzadə Türkmənistanda (75 yaşında), 5 ildən sonra isə Əfqanıstanda (80 yaşında) səfir təyin edilib.
Diplomatın dəfn mərasimi bu gün saat 14:00-da II Fəxri Xiyabanda baş tutacaq.