Bir il əvvəl Ağdam rayonu erməni işğalından azad edildi. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladıqları Bəyanata uyğun olaraq Ağdam rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı.
27 il sürən işğal nəticəsində, Ağdam şəhəri, onun çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdır. Şəhərə dəyən ziyan 13 milyard 135 milyon ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Bu əraziyə səfər edən məşhur britaniyalı jurnalist və yazıçı Tomas de Vaal Ağdamı “kiçik Xirosima” adlandırmışdır.
Qeyd edək ki, Ağdam 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayon olmuşdur. Şəhidlərdən 16-sı milli qəhrəmandır. İşğal nəticəsində Ağdam rayonunun 70%-dən artıq hissəsi ermənilərin əlinə keçmişdir.
Müxtəlif mənbələrə əsasən, işğaldan əvvəl Ağdam rayonunda əhalinin sayı 130-150 min nəfər təşkil edirdi.