"Azərsu-Tikinti" xəstəxanasının işçiləri video-müraciət edərək narahatlığını bildiriblər. Bu haqda 12 yanvar tarixində Realtv məlumat verib.
“Azərsu-Tikinti” xəstəxanasının işçiləri “Problem” verilişinə video müraciət göndəriblər. Onlar xəstəxananın bağlanacağından və gələcək aqibətlərindən narahat olduqlarını bildirirlər. Məsələni aydınlaşdırmaq üçün, 2021-ci ilin iyun ayında fəaliyyətə başlayan və özündə dörd tibb müəssisəsini, o cümlədən “Azərsu-Tikinti” xəstəxanasını birləşdirən "Nizami Tibb Mərkəzi"nə müraciət edilib.
Ordan bildirildi ki, hemodializ şöbəsi yerində saxlanmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis, o cümlədən 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkimi fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub.
Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər.