Bakının Binəqədi rayonunda bir neçə gün ərzində 21 ağac kəsilib. Bu haqda Xəzər Xəbər reportaj paylaşıb.
Səttar Bəhlulzadə küçəsi, 102 saylı tam orta məktəbin qarşısındakı əkilən həmişəyaşıl ağaclar kəsilib. Sakinlərin sözlərinə görə, sağlam şam ağaclarını iki gün ərzində məhv ediblər. Paytaxt sakinləri kəsilən ağacların əvəzinə yenilərinin əkilməsini istəyirlər.
Məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma təsərrüfatı birliyinin baş mühəndisi Cavanşir Məmmədov bildirib ki, həmin ağacların kəsilməsi üçün Binəqədi Rayon Bələdiyyəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Səbəb kimi ağacların quruması göstərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əraziyə baxış keçirilib və ağacların həqiqətən quruduğunu nəzərə alaraq, kəsilməsinə rəy verilib. Yaxın vaxtlarda kəsilən ağacların yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub.