Paytaxtın 198 və 214 saylı sərnişin avtobuslarının gecikmələri sakinlərin narazılığına səbəb olur. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
“Axşam saat 8-dən sonra 214 nömrəli avtobus tapılmır”, - deyə sakinlərdən biri bildirir. Sayı az, tutumu isə kiçik olan avtobuslar insan axınına tab gətirə bilmir.
Sürücülər isə 17 sərnişin avtobusunun olduğunu və 8 dəqiqə interval ilə hərəkət etdiklərini, ən son avtobusun 10-a qalmış Koroğludan yola düşdüyünü bildirirlər.
198 saylı marşrut xəttinin isə digər şirkətə verildiyini, problemin aradan qaldırıldığı və intervalın 15 dəqiqə olduğu qeyd olunub.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məsələnin nəzarətə götürüldüyünü, şirkət rəhbərləri ilə danışıqlar aparıldığını bildirib. Həmçinin ləngimələrin əsas səbəbinin yollardakı sıxlıq olduğu qeyd edilib. “Avtobusların sayını artırsaq belə, yenə də tıxaclar gecikmələrə gətirib çıxaracaq”, - deyə Ağayev əlavə edib.