Paytaxtın Binəqədi rayonunda yerləşən 205 nömrəli tam orta məktəbdə istilik təchizatı bərpa edilib. Bu haqda Trend 6 yanvar tarixində xəbər verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, məktəb fərdi qazanxana vasitəsilə istiliklə təmin olunur.
Bir müddət əvvəl 205 saylı məktəbdə istiliyin olmadığı və şagirdlərin bu səbəbdən dərsə getmədikləri barədə məlumat yayılmışdı.
Bununla yanaşı qurum qeyd edib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.