Bakıda Psix adlı tamaşanın məşqlərinə başlanıb. Bu haqda 20 noyabr tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidməti xəbər verib.
Tamaşa Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, SSRİ Xalq artisti Q.Qarayevin “Don Kixot” simfonik qravürü və dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanıb.
Ər-Toğrul Kamalovun səhnələşdirdiyi tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Əsərin ilk stolarxası oxunuş məşqində iştirak edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bədii rəhbəri olduğu bu tamaşa haqqında fikirlərini yaradıcı heyətlə bölüşüb.
Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev canlandıracaq. Teatrın gənc və istedadlı aktyorları – Nicat Əli (Sanço Pansa), Gültac Əlili (Dulsineya), Zaur Əliyev (Xidmətçi) də bu tamaşada maraqlı rolların ifaçıları olacaqlar.