Bakıda “Qarapapaq” peşəkar boks gecəsi keçirilib. Yarış 8 Noyabr – “Zəfər Günü”nə həsr olunub. Bu haqda Real Tv reportaj hazırlayıb.
Tədbirin əvvəlində Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Gecədə Azərbaycan idman ictimaiyyətinin tanınmış simaları, olimpiya və dünya çempionları, ictimai və siyasi xadimlər, həmçinin biznes dünyasının tanınmış simaları iştirak edib.
Şəhriyar Əbilovun aparıcılıq etdiyi tədbirdə açılış nitqini “Qarapapaq Fight Club & Promotion”ın prezidenti Aqil Acalov edib. O, klubun təkcə peşəkar boks yarışlarının deyil, həmçinin, MMA, ciu-citsu, kikboksinq növlərində də bir sıra turnirlərin təşkilini nəzərdə tutmasından, habelə bu növ turnirlərin yalnız ölkəmizdə deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Bakı İdman Sarayında baş tutmuş turnirdə orta və ağır çəki dərəcələrində 14 peşəkar boksçunun iştirakı ilə ümumilikdə 9 döyüş keçirilib. Qaliblərə pul və və digər qiymətli hədiyyələr təqdim olunub.