Bakıda “Səyyar kofe evləri” layihəsinə start verilib. Bu haqda BakuPlus.az Dövlət Məşğulluq Agentliyinə istinadən 11 fevral tarixində xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə keçirilən layihənin əsas məqsədi özünüməşğulluq proqramına dəstək olmaqdır.
Layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 20 nəfər işsiz, barista sahəsində çalışmaq istəyən, 35 yaşadək olan şəxslərə səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər təqdim ediləcək.
Uyğun namizədlər ilk olaraq biznes və peşə təlimlərinə cəlb ediləcəklər. Təlimi uğurla başa vuran şəxslərə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim ediləcək. Daha sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi göstəriləcək.
Aktivlərlə təmin edilmiş şəxslər Bakı və Abşeron ərazisində fəaliyyət göstərməlidirlər.