Binəqədi rayonu DSK 4 ünvanında yerləşən məcburi köçkünlərin yaşadığı bina bərbad vəziyyətdədir. Bu haqda Xəzər Xəbər məlumat yayıb.
6 mərtəbəli tikilidə yağış yağanda və ya külək əsəndə tavandan su və daş tökülür. Sakinlər tavana polietilen örtük assalarda, problem tam həll olunmur.
“Gecə saat 3 idi daş qopdu, səsinə durduq. Bir yekə daş, qalanı özümüz qopardıq ki, başımıza düşməsin”- deyə sakinlər şikayət edir.
Həmçinin, kanalizasiya sistemi işləmir. Sürahi olmadığından mərtəbələrə qalxıb-düşmək çətin və təhlükəlidir.
Belə ki, 5 yaşlı Səma pilləkənlərin arasındakı boşluğa yıxılmış və başından zədə almışdır.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti xəbərdar olduqlarını və aidiyyəti qurumlara məlumat verildiyini qeyd edib.
Qaçqınların və məcburi köçkünlərin dövlət komitəsi isə qurumun mənzil fondunda boş yaşayış sahələri olmadığını, ağır vəziyyətdə yaşadıqları üçün işğaldan azad edilmiş ərazilərdə ilk onlara mənzillərin təqdim olunacağını bildirib.