Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Əli Məmmədov küç, 1A ünvanında yaşayanlar içməli su sarıdan əziyyət çəkdiklərini bildirirlər. Bu baradə Xəzər Xəbər reportaj hazırlayıb.
Sakinlər iddia edirlər ki, təqribən altı ildir ki, binada içməli su olsa da, sırf bir neçə mənzildə su ya olmur, ya da gecə saat 04:00 - 05:00 arası verilir. Bu ilin avqust ayından isə su demək olar ki, heç yoxdur, sakinlər məcbur olaraq suyu əllə daşıyırlar.
“Azərsu” ASC-nin Binəqədi rayon su-kanal idarəsinin baş mühəndisi Nemət İbrahimov əraziyə gələrək bildirib ki, orada ümumilikdə su təchizatında problem yoxdur. Sadəcə həmin ərazidə fərdi qaydada xətlər çəkildiyi üçün bəzi sakinlər su problemi ilə qarşılaşırlar.
Nemət İbrahimov elavə edib ki, əsaslı təmir işlərinə qədər həmin şəxslərin su xətlərinə qəza xidməti tərəfindən baxış keçiriləcək. Onların su təminatının yaxşılaşdırılması üçün tədbirlər görüləcək.