Bakının Xəzər rayonunda əhalinin bir qismi susuzluqla üz-üzə qalıb. Bu haqda Lent.az 20 dekabr tarixində xəbər verib.
Binə qəsəbəsində yaşayan sakinlər suyu “ZİL”lərdən alırlar. Qəsəbənin südçülük sovxozu adlanan ərazisindəki Əli İsazadə küçəsinin ətrafı içməli su ilə təmin olunsa da, əsas yoldan biraz aralıda yerləşən yaşayış yerlərində su yoxdur.
Hər il məskunlaşması artan qəsəbənin su tələbatı quyular vasitəsilə ödənir. Bəzi həyətlərdə isə hətta, quyular da quruyub.
Sakinlərin sözlərinə əsasən, su maşınlarından 1 tonu 8 manat aldıqları su cəmi 1 həftəyə kifayət edir.
Rayon su idarəsinə dəfələrlə müraciət olunmasına baxmayaraq, hələ də məsələ öz həllini tapmayıb.