İradə Əmiraslanova İçərişəhərdə, milli adət-ənənələrə sadiq ailədə anadan olmuşdur. Kiçik yaşlarından nənələri onda milli incəsənətə sevgi və bağlılığı aşılayıblar. Anası Xalidə xanımın Xarici Dillər institunun Fransız dili kafedrasının müdiri olması onun gələcək peşə seçimində böyük rol oynayıb. Fransız dili fakültəsini fərqlənmə ilə bitirən İradə xanım, Bakı Dövlət universitetində fransız dilini tədris etməyə başlayır.
İradə Əmiraslanova Fransa və İtaliyada təcrübə toplamış, Fransanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq etmiş və burada dərs demişdir. Onun bir çox tələbəsi dövlət qurumlarında yüksək vəzifələrdə çalışır. İradə xanım 2007-ci ildə dissertasiya müdafiə edərək Pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır.
Milli ruhla aşılanaraq, o, “Azerbaijan National Traditions” studiyasını yaradıb. Həmin studiyada, illərlə unudulan milli adətlərə sadiq olaraq, ənənəvi şənliklər, toylar, xınayaxdılar keçirilməyə başlayır.
2017-2021-ci illərdə ABAD Publik hüquqi şəxsdə Dekorativ Tətbiqi Sənət departamentinin rəhbəri vəzifəsində çalışır, xalq sənətini dirçəldir. Milli sənətkarlar komandası ilə o, unudulmuş ustad biliklərini canlandırır.
Tanınmış keramika rəssamı Mirteymur Məmmədovla birgə İradə Əmiraslanova Şəki və Nardaranda Keramika mərkəzləri yaradıb.
Ölkənin müxtəlif bölgələrində sənətkarlıq məktəbləri açılır. ABAD layihəsi sayəsində 430-a yaxın ailə daimi gəlir əldə edir.
2020-ci ildə Prezident İlham Əliyev İradə Əmiraslanovanı “Tərəqqi” medalı ilə təltif edib.
Hazırda İradə xanım Şərq bazarının konsepsiyasının bərpasını həyata keçirən FMG-də Event and Art manager vəzifəsində çalışır.
Bayram ərəfəsində biz İradə xanımla həm Novruz adət-ənənələri, həm də öz yaradıcılığı - şənliyin bəzəyi olan bayram xonçası haqqında danışmağa müvəffəq olduq. Onların sayəsində o, nəinki ölkə daxilində, eləcə də xaricdə Azərbaycan mədəniyyətinə və adətlərinə böyük maraq oyadıb.
Quru meyvə, çərəz və şirniyyatlardan milli naxışların yaradılmasının tarixçəsi necə başlamışdır?
Novruz xonçalarında quru meyvələr hər zaman çərəzlərin qabığına yapışırdı. Buna görə də, kiçik yaşlarımdan xonçanın ənənəvi görünüşünü heç vaxt bəyənməmişəm. Həmin vaxtlar anam mis sinidə qoz-fındıqları quru meyvələrdən ayırmağa başlamışdır. O, nəlbəkidən istifadə edərək, onları dairə və üçbucaq formalarında düzürdü. 2003-cü ildə mən, həmin üsul ilə xonça düzəltməyə başlamışam. Çərəzlərin və quru meyvələrin özünəməxsus formalarda olması, məndə onları müxtəlif milli naxışlar üslubunda düzmək ideyasını yaratdı. Daha sonra, xonçanın daşınmasının mümkün olması üçün mən quru yemiş saçaqlarından istifadə etməyə başladım. Zamanla məharətlərim püxtələşmiş, xonça və naxışlar daha mürəkkəb forma almışdır. 2015-ci ildə Azərbaycan Respublikası Müəllif Agentliyi tərəfindən Dizayn nümunələri sahəsində “Milli Xonça Dizaynı Müəllif Hüququ” şəhadətnaməsini almışam.
[caption id="attachment_37550" align="alignnone" width="800"]
Foto İradə Əmiraslanovanın şəxsi arxivindən[/caption]
Sizin işləriniz eyni zamanda həm Azərbaycan xalçalarına, həm də buddizm incəsənəti olan mandalaya bənzəyir. Naxışları yaradanda, bu sizin üçün relaksasiyadır, yoxsa bütün diqqətinizi cəmləməli olursunuz?
Mən ömrüm boyu xalçaçılıqla maraqlanmışam. Qədim zamanlardan xalçanın yaradılmasında toxucunun təxəyyülü əsas rol oynayıb. Azərbaycan xalçalarında hər zaman şərq naxışlarından istifadə olunub. Lakin Azərbaycan toxuculuq sənəti üçün buta daim ən önəmli naxış hesab olunub. Mədəniyyətimizdə o, dirçəliş və yeni həyatın yaranma anı simvoluna çevrilib. Mandalalarda olduğu kimi, xalçalarda da ümumi ornamenti yaradan medalyonlardan istifadə olunur. Mandala sənəti insanın daxili dünyasının təbiətlə əlaqəsini əks etdirən meditasiyadır. Eyni sözləri xonçanın yaradılması haqqında da demək olar. Şəxsən mənim üçün bu həm səbri, həm də estetik zövqü inkişaf etdirən art-terapiyadır.
Bir xonçanın yaradılması sizdə nə qədər vaxt aparır? Tək işləyirsiniz, yoxsa köməkçiləriniz var?
Bu, xonçanın ölçüsü, naxışın mürəkkəbliyi və məhsulların mövcudluğundan asılıdır. Məhsullar rəng çalarlarına uyğun olaraq, xüsusi diqqətlə seçilir. 10 ilə yaxın tək işləmişəm. Brendimin yaradılmasından sonra isə mənə gənc rəssamlar kömək etməyə başladılar. Bu iş sənətçidən səbr və əzmkarlıq tələb edir.
[caption id="attachment_37555" align="alignnone" width="800"]
Foto İradə Əmiraslanovanın şəxsi arxivindən[/caption]
Yaranması sizin üçün ən yaddaqalan olan xonça haqqında danışa bilərsiniz?
Demək olar ki, bütün işlərimi xatırlayıram, lakin onlardan ikisi daha yaddaqalan olub. 2009-cu ildə, hələ tək işlədiyim zaman, qardaşım oğlunun toyundan əvvəl xonça hazırlamışdım. Bazardan buta formasında olan qabaq aldım. Onu mis cama yerləşdirərək çərəzlərlə bəzəməyə başladım. Lakin ləpələr yapışmırdılar və yerə düşürdülər. Naxışa toxunmamaq və rəsmi zədələməmək üçün pinsetdən istifadə etməyi qərara aldım.
Həmçinin İçərişəhərə həsr olunmuş əsərim yaxşı yadımda qalıb. Qoz və püstələrdən istifadə edərək Qız Qalası, Şirvanşahlar sarayı, Karvansarayları yaratmışam. Bu iş möhtəşəm formada ərsəyə gəlmiş və seyr edənlərə əsl estetik zövq bəxş etmişdir.
Bir az da Azerbaijan National Traditions studiyanızdan danışın. Proyektin əsas missiyası və fəlsəfəsi nədən ibarətdir?
Azerbaijan National Traditions studiyası 2013-cü ildə yaradılıb. Məhz o zaman mən anladım ki, unudulmuş milli adət-ənənələri, xüsusilə toylara aid ritualları gözəl və estetik şəkildə təqdim etmək olar. Mən bu xalq adətlərinin əhatəsində böyümüşdüm, lakin sovet dövründə onlardan bir çoxu unudulmuş və ya daha müasir formaya çevrilmişdir. Studiyanın yaradılması və həmin adətlərin dirçəldilməsində milli ruhumun böyük təsiri oldu. Zaman keçdikcə gənc nəsil də xalq mədəniyyəti və sənətinə maraq göstərməyə, bundan ilham almağa başlamışdır.
[caption id="attachment_37551" align="alignnone" width="800"]
Foto İradə Əmiraslanovanın şəxsi arxivindən[/caption]
Son illərdə hansı müsabiqələrin qalibi olmusunuz? Ənənələrimizi dünyanın hansı nöqtələrində tanıtmısınız?
1995-ci ildən etibarən mütəmadi olaraq Azərbaycanı dünyanın müxtəlif şəhərlərində keçirilən mədəniyyət tədbirlərində təmsil edirəm.
Mənim işlərim İtaliyanın paytaxtı Romada keçirilən Azərbaycan günlərində, daha sonra Lüksemburqda Novruz bayramı günlərində təqdim olunub. Həmçinin əsərlərim Norveç və ABŞ-a göndərilib. Eləcə də Azərbaycanda keçirilən “Best Khoncha” müsabiqəsinin qalibi olmuşam. 2013-cü ildə baş tutmuş şəxsi sərgim yaradıcılığımın ən önəmli hadisələrindən biridir. Bu sərgidə Novruz bayramının bütün atributları təqdim olunaraq, milli şirniyyatlarla yanaşı səməni yetişdirilməsi və yumurtaların boyanması prosesi nümayiş olunmuşdur. Tədbirə ölkənin diplomatik korpusunun əksər nümayəndələri dəvət olunmuşdur. Həmin ildə CNN kanalının Azərbaycan haqqında çəkdiyi verilişdə öz xonçalarımı təqdim etmişəm. Veriliş üçün kanalın loqosunu təsvir edən xüsusi xonça hazırlanmışdır.
[caption id="attachment_37552" align="alignnone" width="800"]
Foto İradə Əmiraslanovanın şəxsi arxivindən[/caption]
Novruz - qədim bayramdır. O, əfsanə və adət-ənənələrlə zəngindir. Bir bakılı olaraq ailənizin bu bayramla əlaqəli hər hansı bir adət haqqında danışa bilərsiniz? Bəlkə onlardan bəziləri nəsildən nəsilə ötürülür?
Novruz bayramı Azərbaycan xalqının ən əsas bayramlarından biridir. Ailəmizdə bu bayrama xüsusi yer ayrılırdı və həmişə deyilirdi ki, Novruz bizim ən əziz bayramımızdır. Hətta sovet vaxtında nənəmiz bizim üçün teştdə tonqal qalayırdı, biz isə onun üzərindən tullanaraq xüsusi sözlər deyirdik.
Hər bayram çərşənbəsində məhz bu günə aid olan təamlar bişirilirdi. Birinci, Su çərşənbəsində düyü və taxıl bitkilərindən yeməklər və sulu səməni halvası hazırlanırdı. Od çərşənbəsində çapaq balığı ilə yarma aşı bişirilirdi. Yel çərşənbəsi eləcə də Ağ çərşənbə adlanır. Həmin gün evdə hər yer ağ rəngə bürünürdü, hətta üzüm və quru meyvələr ilə bişirilən südlü sıyıq da ağ rəngdə olurdu. Torpaq çərşənbəsində isə qovurma aş hazırlanırdı. Novruz axşamında masada mütləq balıq olmalı idi, onun üzərinə isə qızıl sikkə qoyulurdu. Bu, bərəkətin və zənginliyin simvoludur. Bayram zamanı nənələr nəvələrin həmin sikkəni udmamasına diqqət yetirirdilər. Ən əsas qayda isə ondan ibarət idi ki, bayram axşamında bütün ailə üzvləri evdə yığışmalıdırlar.
[caption id="attachment_37553" align="alignnone" width="800"]
Foto İradə Əmiraslanovanın şəxsi arxivindən[/caption]
Müasir zəmanədə Novruz bayramının qeyd edilməsində sizin üçün nələr dəyişib?
Son zamanlar çox şey dəyişib. Əvvəllər qohumlargilə qonaq getmək və bayram aşı aparmaq ənənəsi var idi. Bu, ələlxüsus da böyüklərə - nənə-babalara və valideynlərə hörmət əlaməti olduğundan, çox vacib sayılırdı. Həmçinin masanın dolu olması vacib idi. Çünki inanca görə, ilin nə qədər zəngin olacağı süfrənin bolluğundan asılı idi. Mən bayram təamlarını evdə bişirmək ənənəsini qoruyub saxlamışam, çünki ailəmizdə həmişə deyilirdi ki “Evdən bərəkətli qohu gəlsin, bərəkət çəkilməsin”. Mənim xalalarım hər il Novruz öncəsi nənəmin evində yığışaraq bir neçə gün öz ailələri üçün bayram şirniyyatları bişirirdilər.
Müasir qadın iş və ailə məsələləri ilə məşğul olduğundan bu hazırlıqlara vaxt ayıra bilmir. Həmçinin indiki zamanda bayram günlərinin çox olmasından əksəriyyət xaricə üz tutur, bayram axşamını başqa ölkədə qarşılayır. Mənə də bir dəfə bayram zamanı ölkədən kənarda olmaq nəsib olmuşdur. Bir İran restoranını tapıb ora üz tutdum. Sahibi tarda ifa etdiyindən ondan Azərbaycan musiqisini səsləndirməyi xahiş etdim və beləliklə bayram ab-havasını yaşamış oldum.
[caption id="attachment_37554" align="alignnone" width="800"]
Foto İradə Əmiraslanovanın şəxsi arxivindən[/caption]
Bayram süfrəsində hansı təamların olması sizin üçün mütləqdir?
Süfrədə mütləq ləvəngi, və ya quru meyvələr ilə doldurulmuş balıq olmalıdır. Lakin bu nərə balığı yox, halal, sümüklü balıq olmalıdır. Bundan əlavə, masaya diri balıqlar olan akvarium qoyuram. Güzgünün önünə “Yeddi sim” adlanan ənənəvi xonça qoyulur, onun tərkibi “s” hərfi ilə başlayan yeddi əşyadan ibarətdir. Bunlar səməni (məhsuldarlıq və sağlamlıq), sümbül (ruzi, bərəkət), su (aydınlıq, paklıq), sirkə (uzunömürlülük), sarıkök (təbii antioksidant) və sumaxdır (hisslər, emosiyalar). Yeddinci simvol artıq haqqında danışdığım qızıl sikkədir.
Ailəmizdə ov quşu və ya hindtoyuğundan fisincan aşı bişiririk, aşa isə mərci və ya lobya əlavə edirik. Lakin, siz bayram üçün istədiyiniz yeməyi bişirə bilərsiniz.
Həmin günlər evimiz Novruz muzeyinə çevrilir, biz özümüzü şənlik və gözəlliklə əhatə edirik.
Novruz bayramı şərəfinə şirniyyat bişirməyi təzəcə başlayan gənc evdar xanımlara nə məsləhət görərdiniz?
Müasir evdar qadınlara və onların bacarıqlarına mən həqiqətən heyranam. Məncə, Azərbaycan qadını bu bacarığı, biliyi ana südü ilə mənimsəyir. Mən xaricdə yaşayan azərbaycanlı qadınlarla xüsusilə fəxr edirəm. Onlar öz xalqlarının adət-ənənələrini davam etdirirlər və bu çox dəyərlidir. Yemək bişirməyi sevməyən, Azərbaycan mətbəxi ilə maraqlanmayan qadınlar üçün isə yalnız bir şeyi deyə bilərəm: biz heç vaxt amerikan və ya fransız qadınlardan daha çox amerikan və ya fransız qadını olmayacağıq. Azərbaycanlı olaraq qalmaq, milliyyəti, öz xalqının adət-ənənələrini qorumaq daha yaxşı deyilmi?
Bizim çox yüksək mətbəximiz var, o, qorunub saxlanmağa layiqdir. Balaca uşağa bir parça xəmir verib, üzərində naxışlar çəkməyi öyrətsək belə, o, bu anı ömrünün sonuna qədər xatırlayacaq. Bu, uşaqlarımız üçün mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub saxlamağa təkan olacaq.
*Şəkillər İradə Əmiraslanovanın şəxsi arxivindən götürülüb