Paytaxtın ictimai nəqliyyatında, xüsusən də metroda arabir sərnişinlərin halının pisləşməsi, hətta dünyasını dəyişməsi halları olur. Belə hallarda vaxtında ilk yardımın göstərilməsi sadəcə zəruridir. Lakin son illər metroda tibb məntəqələri yoxdur və sərnişin təcili tibbi yardımın gəlməsini gözləməli olur. Bu haqda ATV reportaj hazırlayıb.
Metro ictimai nəqliyyat olduğundan özünü narahat hiss edən, vəziyyəti qəfil pisləşən sərnişinlərə tez-tez rast gəlinir. Nəzərə alsaq ki, metro sərnişin sıxlığının tez-tez yaşandığı məkandır, onda bu zərurət daha da artır. Həkim Nahid Məhərrəmov deyir ki, belə olan halda metroda səhhətində narahatlıq yaranan şəxsin həyatı təhlükə altına düşür.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metrostansiyalarda tibbi yardım imkanlarının olması zəruriliyini onlar da bilir. Bununla bağlı aidiyyəti qurumlarla danışıqlar aparılacaq.
Daha öncə, ötən ilin 9 dekabr tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev səhhəti pisləşdiyinə görə “28 May” stansiyasında qatardan düşürülmüşdür. Hadisə yerinə təcili yardım çağırılsa da, briqada gələnə qədər kişi dünyasını dəyişmişdir.