Martın 1-də Bakının Fəvvarələr Meydanında “Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası başlayıb. Yarmarka İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilir. Bu haqda Bakuplus.az KOBİA-nın mətbuat xidmətinə istinadən bu gün, 3 mart tarixində məlumat verir.
Yarmarka koronavirus pandemiyası səbəbindən iki illik fasilədən sonra yenidən açılıb. Orada tikilən evlərin kirayəsindən əldə olunan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin ödənilməsinə yönəldiləcək.
Həmin evlərdə şirniyyatlar, su və şirələr, milli və xarici mətbəxin təamları, suvenir və hədiyyələr satılır. Yarmarkanın ərazisində şəkil çəkdirmək və əylənmək üçün hər yaşda uşaqlar üçün meydançalar var, “Yaz evi”, “Novruz bayramı” və digər müxtəlif tematik strukturlar quraşdırılıb.
Bundan əlavə, KOBİA-nın dəstəyi ilə yarmarkada 20-dən çox əlil və aztəminatlı ailənin, eləcə də mikrosahibkarların əl işlərinin və ustaların hazırladıqları müxtəlif ərzaq məhsulları, əl işləri və suvenirləri satılır.
Yarmarka aprelin 10-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.