Paytaxt məktəbliləri “Sabahın alimləri” X Respublika Müsabiqəsində seçilməyi bacarıblar. Onlara medallar təqdim olunub. Bu haqda 7 dekabr tarixində Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müsabiqədə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Rafiq Qasımov riyaziyyat, 132-134 nömrəli Təhsil Kompleksinin XI sinif şagirdi Emin Xəlifəyev fizika, Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin X sinif şagirdləri Tamila Süleymanova və Rəfsan Həbibullayev biologiya, Bakı Avropa liseyinin X sinif şagirdi Faiq Qasımov tibb və sağlamlıq, Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Məhəmməd Abbaslı mühəndislik üzrə, Bakı şəhəri 260 nömrəli tam orta məktəbin və Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin X sinif şagirdləri İlkin Səmədov və ƏliAkif Əkbərzadə kompüter elmləri üzrə çıxış ediblər.
Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli iştirak edib.
İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunan müsabiqənin qalibləri sırasından seçilmiş 7 layihə ilə 10 şagird Azərbaycanı ABŞ-da keçirilən İSEF-Mühəndislik sərgisində 16-21 may tarixlərində onlayn təmsil edib.
Mərasimin sonunda medallar təqdim edilib, xatirə şəkili çəkdirilib.