Polisin 4 ay əvvəl sığınacağa apardığı körpənin anası Bakıda peyda olub. Bu barədə bu gün, 8 yanvar tarixində Oxu.Az Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə istinadən məlumat verib.
Onun sözlərinə görə, bir neçə ay öncə gənc qız polis bölməsinə uşaq gətirib. O, polisə bildirib ki, həmin körpə, həbs olunan rəfiqəsinin övladıdır.
Lakin Ağazadənin sonrakı sözlərindən məlum olub ki, həmin uşağın anası elə onun özüdür. Hazırda gənc ananın 17, uşağının isə iki yaşı var. Bu o deməkdir ki, qız 15 yaşında ana olub, onun hamiləlik dövrü isə 14 yaşında başlayıb.
Birliyin sədri qeyd edib ki, 14 yaşlı qız, yaşadığı uşaq evindən çıxaraq, alkoqol aludəçisi olan anasının yanına qayıtmışdır. Bu cür sosial qeyri-sabitlik isə öz növbəsində ana və övlad üçün xoşagəlməz nəticəyə gətirib çıxarıb.
Sığınacağa gətirilən uşaq öz anasını tanımır. Kəmalə Ağazadə onu da qeyd edib ki, qız sığınacağa övladını götürmək üçün deyil, sadəcə ziyarət etmək üçün gəlmişdir. Qızın dediyinə görə, onu azyaşlı uşaq dünyaya gətirdiyinə görə həbs edəcəyi ilə hədələyiblər.