Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan “Qırmızı Ürəklər” (“Red Hearts”) fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “Onlar bizə əmanətdir” adlı ənənəvi tədbir keçirib. Aksiya həm Bakıda, həm də ölkənin rayonlarında baş tutub. Bu haqda bu gün, 29 dekabr tarixində APA məlumat verib.
Tədbirdə İkinci Qarabağ müharibəsi zamanı atalarını itirmiş 16 yaşadək 1634 uşağa bayram hədiyyələri verilib. Kampaniyada Red Hearts, PAŞA Holding, Kapital Bank, PAŞA Bank, Fairmont Hotel və digər təşkilatlardan könüllülər iştirak edib. “Onlar bizə əmanətdir” tədbiri ötən il də bayramlar ərəfəsində keçirilmişdir.
“Qırmızı Ürəklər” (“Red Hearts”) fondu 2019-cu ilin dekabrında Kapital Bank əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda xeyriyyə fondu kimi fəaliyyət göstərən qurum əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olan insanlara yardım göstərir. Fondun fəaliyyəti, həyata keçirilən xeyriyyə layihələri və kampaniyaları, gələcək planlar və digər maraqlı məlumatlar haqqında https://redhearts.az rəsmi saytında ətraflı məlumat əldə etmək mümkündür.
[caption id="attachment_22351" align="alignnone" width="896"]
Foto APA.az[/caption]