Binəqədi rayonunda sakinlər evlərini odunla qızdırır. Bu haqda 11 yanvar tarixində Bakuplus.az Spacetv-yə istinadən xəbər verir.
Xocəsən qəsəbəsi, Bərəkət 98 ünvanı kimi tanınan ərazidə 15 ildir mavi yanacaq yoxdur. Onlar evlərini isitmək üçün odun yandırmağa məcburdurlar. Qışda soyuqdan əziyyət çəkən sakinlərin tək istəyi qaz xəttinin çəkilməsidir.
Burda yaşayan 30 ailə evlərini kondisionerlə, ya da odun sobası ilə isidirlər. Onlar evlərini isitmək üçün taxta parçaları tapıb yandırırlar. Məişətdə isə qaz balonları istifadə olunur. Sakinlər bildirir ki, həmin balonlar 20-40 manat civarında pul tutur və qış olanda onların bitmə vaxtı daha tez qurtarır.
“Yeni yaşayış massivinin qazlaşma prosesi Azəriqaz İB-nin gündəmindədir. Bu proses mərhələli şəkildə həyata keçirilir”, - Azəriqaz İB faktla bağlı açıqlama verib.