Yeni il şənlikləri ilə bağlı Bakıda kafe və restoranlar saat 02:00-a qədər fəaliyyət göstərəcəklər. Bu haqda Nazirlər Kabineti 11 dekabr tarixində qərar verib.
İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir.
Yeni il şənlikləri müəyyən qaydalar əsasında təşkil olunmalıdır.
Həmin qaydalar:
- Şənlik mərasimlərində qonaqların ümumi sayı 150 nəfəri keçməməlidir.
- 18 yaşından yuxarı iştirak edən şəxslər maskadan istifadə etməli, COVID-19-a qarşı ən azı 2 doza peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalı, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən sertifikat olmalıdır.
- Şənlikdə xidmət göstərən personalın (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
- Tədbirlərə 5 gün qalmış obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət barədə, mərasimin başlama və bitmə vaxtı və qonaq sayı haqqında məlumatlar “icaze.e-gov.az” portalına daxil edilməlidir.
Bu tələblər pozulmaqla mərasimlərin keçirilməsi qadağandır.