Bakıda 18 il əvvəl nənə və nəvənin öldürülməsi hadisəsinin üstü açılıb. Bu haqda 14 aprel tarixində Report məlumat verib.
Yasamal rayonunda 18 il əvvəl qətlə yetirilmiş və meyitlərinin üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilmiş 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizovanın qatili tapılıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Anar Ağalarov qətli törətməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə məhkum olunub və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Mərkəzində müalicə alır. İlkin dindirmə zamanı Ağalarov hadisəni xalası oğlu, mərhum Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin “İki və ya daha çox şəxsi öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.