Ötən il binanın blokunda pişikləri yemləyən qadını vuraraq əl çantasını oğurlayan şəxsə hökm oxunub. Bu haqda 16 iyun tarixində Kriminalqafqaz məlumat verib.
Belə ki, binanın blokunda pişikləri yemləyən Svetlana Qurbanova (soyad şərtidir) 43 yaşlı Ədalət Şükürovun (ad və soyad şərtidir) hücumuna məruz qalıb. O, Qurbanovaya yumruqla zərbə endirib, daha sonra divara itələyib və qadının yerə qoyduğu, içində 100 manat olan əl çantasını götürərək hadisə yerindən qaçıb.
“Son zamanlar işsiz idim. Vəziyyətim pis idi və dolana bilmirdim. Parkda küçə pişiklərini yemləyən bir nəfər rus görünüşlü olan yaşlı qadını gördüm. Qadının əlindəki çanta diqqətimi çəkdi. Bundan sonra qadın binaya doğru getdi və 17 mərtəbəli binanın blokunun qarşısında çantasını yerə qoyub pişiyə yem vermək üçün əyildi. Bu zaman mən yumruqla sifətinə vurub, daha sonra onu divara çırpdım. Yerdə olan əl çantasını götürüb qaçaraq oradan uzaqlaşdım”, - deyə Ədalət Şükürov məhkəmə zalında hadisənin təfərrüatlarını açıqlayıb.
Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ədalət Şükürov 6 il müddətinə azadlıqdan məhrum edilib.