Balakəndə əcnəbi narkotacirə kuryerlik edən paytaxt sakinləri saxlanılıb. Bu haqda 11 mart tarixində Report məlumat verib.
Balakən rayonunda polisin keçirdiyi tədbir zamanı Bakı şəhər sakinləri - əvvəllər bir neçə dəfə məhkum olunmuş Nurlan Rzayev və Elçin Kərəkməzli, eləcə də Sumqayıt sakini Zaur Rzayev saxlanılıblar. Taksi fəaliyyəti ilə məşğul olan Zaur Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobilə baxış keçirilib və oradan 7 kiloqram 400 qram qurudulmuş marixuana, 2 kiloqrama yaxın heroin və 312 qram psixotrop maddə olan metamfetamin aşkarlanıb. Şəxsi axtarış zamanı Nurlan Rzayevdən heroin götürülüb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Nurlan Rzayev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə işləyir. Sonuncu dəfə isə Balakəndən Bakıya narkotik vasitələrini çatdırmaq qərara alınıb. Nurlan kömək üçün tanışları Z.Rzayevi və E.Kərəkməzlini işə cəlb edib.
Onlar narkotikləri göstərilən yerdən götürüblər və geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı araşdırmalar davam edir.