Bakıda şadlıq sarayında sevgilisini bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda 29 yanvar tarixində Report məlumat verib.
2021-ci ilin iyul ayında Tərtər rayon sakini Səbuhi Məmmədov Bakıda tanış olduğu qadını öldürmək istəyib. Məlum olub ki, qadın ailəli olub və əri evdə olmayanda tanış olduğu kişini evə gətirib. Bir müddət sonra Məmmədov qadını qısqanmağa başlayıb və onu dəfələrlə döyüb. Növbəti mübahisə zamanı isə onun işlədiyi “Kainat” şadlıq sarayına gedib və qadının 14 yaşlı qızının gözü qarşısında onu bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisənin səhəri günü Səbuhi Məmmədov polis bölməsinə gedərək törətdiyi cinayəti etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.2.3-cü, 126.2.4-cü və 128-ci maddələri ilə Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İstintaq materialında S.Məmmədovun da evli olduğu qeyd olunur.