Bakıda narkotik satışına görə tutulan şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda Report bu gün, 25 fevral tarixində xəbər verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Anar Məmmədova hökm oxunub.
Paytaxt sakini A.Məmmədov ötən ilin dekabr ayında Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı tutularaq istintaqa təqdim olunub. Üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
O, ifadəsində narkotik maddələri tanışı Məhərrəm adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirib.