Bakıda masaj salonlarından birinin sahibi özünü yalandan hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxs tərəfindən şantaj edilib.
Qafqazinfo.аz-ın məlumatına görə, həmin iş üzrə məhkəmə araşdırması başlayıb.
İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən Səid Rüstəmzadə maraqlı üsulla cinayət törədib. O, Nəsimi rayonunda yerləşən masaj salonlarından birinin sahibinə özünü İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəsmi nümayəndəsi kimi təqdim edib. Deyib ki, bundan sonra yalnız onun "nəzarəti" altında işləyə bilər.
Salon rəhbəri deyir ki, Səid onda tam dövlət işçisi təəssüratı yaradıb. O, qara kostyum geyinib, əlində isə içərisində sənədlər olan qırmızı qovluq daşıyıb. Bu səbəbdən salon rəhbəri ilk görüş zamanı ona 3 min manat verib. Bundan əlavə, aylıq ödəniş etməyə razılaşıb. Səid salon rəhbərindən ümumilikdə 30 min manat "himayədarlıq haqqı" tələb edib.
Bir müddət sonra onun cinayət planı ifşa edilib. Rüstəmzadənin heç bir dövlət qurumunda çalışmadığı məlum olub. Şikayət əsasında o, hədə-qorxu vasitəsilə tələb etmə ittihamı ilə həbs edilib.