Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub.
Prezident İlham Əliyev bununla əlaqədar Sərəncam imzalayıb.
Bakuplus.az xəbər verir ki, Məleykə Abbaszadə universitetin 27-ci rektorudur.
BDU-nun ilk rektoru Vasili Razumovski olub. O, cəmi bir il bu vəzifədə çalışsa da, Azərbaycanın ilk rektoru kimi tarixə düşüb.
Sonrakı illərdə universitetə Sergey Davidenkov (1920–1923), Aleksandr Qulyayev (1923–1926), Tağı Şahbazi Simurğ (1926–1929), Vladimir Yelpatyevski (1929), Maqsud Məmmədov (1929–1930), Məmmədkazım Ələkbərli (1934–1935), Bala bəy Həsənbəyov (1935–1937), Əziz Əliyev (1937), Cəbrayıl Ələsgərov (1937–1941), Şamil Əliyev (1941–1944), Abdulla Qarayev (1944–1950), Cəfər Hacıyev (1950–1954), Yusif Məmmədəliyev (1954–1958), Şəfaət Mehdiyev (1958–1965), Mehdi Əliyev (1965–1970), Faiq Bağırzadə (1970–1987), Yəhya Məmmədov (1987–1989) və Cəmil Quliyev (1989–1990) rəhbərlik ediblər.
Müstəqillik dövründə isə rektor vəzifəsini Mirabbas Qasımov (1990–1992), Firudin Səməndərov (1992–1993), Murtuz Ələsgərov (1993–1996) və Misir Mərdanov (1996–1998) icra ediblər.
1999–2018-ci illərdə BDU-ya Abel Məhərrəmov rəhbərlik edib. O, 19 illik fəaliyyəti ilə universitetin ən uzun müddət vəzifədə qalan rektoru olub.
2018–2019-cu illərdə Firudin Qurbanov rektor vəzifəsini müvəqqəti icra edib. 2019-cu ildə isə bu posta Elçin Babayev təyin olunub. O, vəzifəsindən azad edilənədək universitetə rəhbərlik edib.
Qeyd edək ki, Məleykə Abbaszadə BDU-nun 107 illik tarixində ilk qadın rektordur.