Abşeron rayonunda ailə münaqişəsi zəminində qətl törədilib.
Hadisə Hökməli qəsəbəsində, "Qobu yolu" adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradov qardaşının keçmiş həyat yoldaşının atasını bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb qardaşının ailəsində yaranan münaqişə olub. Belə ki, qardaşı Eltun Muradov həyat yoldaşı ilə ayrıldıqdan sonra qadının valideynləri nəvələrindən birini ondan almaq istəyiblər.
Bu məsələyə görə yaranan gərginlik fonunda Məhəmmədəli Muradov gecə saatlarında bıçaq və benzin götürərək qardaşının qayınatasının evinə gedib. O, qardaşının keçmiş həyat yoldaşının yatdığı otağa daxil olaraq qadının üzərinə benzin töküb və onu yandırmağa cəhd edib.
Qadının qışqırıq səsinə gələn atası Miribrahim Seyidov Məhəmmədəlinin qarşısını almağa çalışıb. Bu zaman Məhəmmədəli əlindəki bıçaqla ona bir neçə zərbə endirərək öldürüb.
Hadisədən sonra şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə Məhəmmədəli Muradov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: oxu.az