Azərbaycanın tanınmış pianoçusu, bəstəkarı və Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın doğum günüdür.
Bakuplus.az xəbər verir ki, Gülarə Əziz qızı Əliyeva 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1966-cı ildə yaratdığı "Dan ulduzu" instrumental ansamblının rəhbəri olub. O, "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd" və "Şur" fantaziyalarının müəllifidir.
Gülarə Əliyeva pedaqoji fəaliyyətlə də məşğul olub, 1966–1988-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik edib. Ansamblı ilə bir sıra xarici ölkələrdə Azərbaycan musiqisini təmsil edib.
Qeyd edək ki, Gülarə Əliyeva 1991-ci ildə Bakıda balkonun uçması nəticəsində kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının violonçelisti Minirə ilə birlikdə faciəvi şəkildə həlak olub. Onun adını daşıyan "Dan ulduzu" ansamblı bu gün də sənətkarın xatirəsini yaşadır.
O, görkəmli oftalmoloq Zərifə Əliyeva, endokrinoloq Tamerlan Əliyev və onkoloq Cəmil Əliyevin bacısıdır.