Bakının Ramana qəsəbəsində dövlətə məxsus torpaq sahələrinin qanunsuz satılması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Ceyhun Əşrəfov və zərərçəkənlər ifadə veriblər.
Əşrəfov 2011–2012-ci illərdə Ramana qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olduğunu, 2021-ci ildə aparılan söküntülərdən sonra vətəndaşlara 800 min manatdan artıq vəsait ödədiklərini bildirib. O, satdıqları torpaqların kənd təsərrüfatı təyinatlı olduğunu sonradan öyrəndiklərini iddia edib.
Məhkəmədə zərərçəkən şəhid atası oğlunun adına torpaq almaq üçün 2500 manat ödədiyini, sonradan həmin ərazidə hasarın söküldüyünü deyib. Digər zərərçəkənlər də torpaq alarkən onlara rəsmi sənədlərin təqdim olunmadığını bildirərək təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını vurğulayıblar.
Qeyd edək ki, cinayət işi dövlətə məxsus kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz zəbt edilərək satılması ilə bağlıdır. İş üzrə ümumilikdə 11 nəfər təqsirləndirilir. İttihama görə, torpaq sahələrinin bir qismi 25 hektardan, digər qismi isə 4 hektardan artıq olub.
İbtidai istintaq zamanı 20 hektardan çox dövlət torpağı Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə qaytarılıb. Növbəti məhkəmə prosesi noyabrın 23-nə təyin edilib.