Özünü plastik cərrah kimi təqdim edən Xudiyeva Səkinə Fərmayıl qızının Səhiyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimədən verdiyi şikayət təmin edilməyib.
Nazirliyin plandankənar yoxlaması zamanı özəl klinikada çalışan həkimin plastik cərrahiyyə üzrə müvafiq ixtisas sertifikatı olmadan fəaliyyət göstərdiyi müəyyən edilib və barəsində inzibati tənbeh tətbiq olunub.
Səkinə Xudiyeva isə şikayətində həmin dövrdə klinikada işləmədiyini, heç bir əməliyyat aparmadığını və yalnız ümumi cərrahiyyə üzrə sertifikatının olduğunu bildirib.
Məhkəmə araşdırması zamanı onun plastik cərrahiyyə əməliyyatlarını müstəqil həyata keçirmək hüququnu təsdiqləyən sənədinin olmadığı müəyyən edilib. Məhkəmə ümumi cərrahiyyə sertifikatının plastik cərrahiyyə fəaliyyəti üçün əsas vermədiyini vurğulayıb.
Nəticədə Səbail Rayon Məhkəməsi həkimin şikayətini təmin etməyib və Səhiyyə Nazirliyinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Səkinə Xudiyeva SAF Hospitalın rəsmi saytında plastik cərrah kimi təqdim olunur.