Bu gün xanəndə Səxavət Məmmədovun doğum günüdür. Yaşasa idi 73 yaşını qeyd edəcəkdi.
Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb.
1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib.
1976-cı ildə "Hümayun" xalq ansamblının solisti olub. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib.
Səxavətin ərsəyə gətirdiyi "Qarabağ" instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Cəmi 38 il ömür sürən Səxavət Məmmədov keçmiş SSRİ və Avropa ölkələrində konsert verməklə təkcə Qarabağı deyil, həm muğamımızı, həm də Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb.
Mərhum sənətkarın ən yaddaqalan ifalarından biri "Azad bir quşdum" mahnısıdır. O, Əfrasiyab Bədəlbəylinin bəstələdiyi "Azad bir quşdum" mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: "Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda".
Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.
Bəzi məlumatlara görə, xanəndə vəfatından bir ay əvvəl yuxuda öldüyünü görüb. Belə ki, o, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qrulduğunu, qarşıda da qəbiristanlıq olduğunu görüb. Çünki kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Səxavət Məmmədov yuxudan oyanıb və deyib: "Mən öləcəm". Bu yuxudan bir ay sonra vəfat edib.