2026-cı ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 1 milyon 575,3 min nəfər olub.
Bakuplus.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, hesabat dövründə xaricə səfər edən Azərbaycan vətəndaşlarının 44 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 13 faizi Gürcüstana, 5,1 faizi İrana, 23,3 faizi isə digər ölkələrə gedib.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin eyni dövründə Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,3 faiz, Gürcüstana gedənlərin sayı isə 17,6 faiz artıb.
Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarının sayı 2 faiz, İrana gedənlərin sayı 44,5 faiz, digər ölkələrə gedənlərin sayı isə 2 faiz azalıb.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 64,1 faizini kişilər, 35,9 faizini isə qadınlar təşkil edib.
Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.