Paytaxt küçələrinin birində piyadaların səkidə hərəkətinə maneə yaranıb.
Bu barədə həmin ərazidə yaşayan vətəndaş Vüsal Nəzirov Bakuplus.az-a ünvanladığı şikayət məktubunda bildirib.
"Bakı şəhəri Nəriman Nərimanov rayonu Əliyar Əliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki maşın təkər təmiri məntəqəsi tərəfindən uzun müddətdir tamamilə zəbt olunub", - müraciətdə deyilir.
Şikayətçilərin sözlərinə görə, nəticədə piyadaların, xüsusilə uşaqların və yaşlı insanların normal, təhlükəsiz hərəkəti çətinləşib, onlar məcburən yolun avtomobillər üçün nəzərdə tutulan hissəsindən istifadə etməli olurlar.
Vətəndaşlar ümid edirlər ki, aidiyyəti qurumlar qısa zamanda lazım olan addımları atacaq, problem tezliklə aradan qaldırılacaq.