Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.
Bakuplus.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.
Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum dünən məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.
Belə ki, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı "Real TV"nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.