Bakının Suraxanı rayonunda 16 yaşlı yeniyetmə 44 yaşlı qonşusunu qətlə yetirməkdə ittiham olunub. Məhkəmədə hadisənin səbəbi və təfərrüatları açıqlanıb.
Hadisə 2025-ci il oktyabrın 11-də Əmircan qəsəbəsində baş verib. 2009-cu il təvəllüdlü Qəhrəman qonşusu Səmədə (adlar şərtidir – red.) bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, anası Səlimə ilə Səməd arasında münasibət olduğunu öyrənib. O, anasının telefonunda şəxsi yazışmaları gördükdən sonra qəzəbləndiyini, həmçinin Səmədin borc məsələsinə görə onu və anasını təhqir etdiyini iddia edib.
Qəhrəmanın sözlərinə görə, hadisə günü evdən bıçaq götürərək Səmədin yaşadığı küçəyə gedib. Onu iki nəfərlə dayandığını görüb və bıçaqla bir neçə dəfə zərbə vurub. Daha sonra hadisə yerindən qaçaraq xalasının evinə gedib. Bir müddət sonra polis tərəfindən saxlanılıb.
Mərhumun bacısı ifadəsində Səmədin Qəhrəmanın anası ilə münasibətdə olduğunu bildirib. Onun sözlərinə görə, bu münasibət Səmədin ailəsində münaqişəyə səbəb olub. Hətta mərhumun həyat yoldaşı bir müddət ata evinə qayıdıb, sonradan barışıq əldə edilib.
Bacısı iddia edib ki, Səməd və Səlimə 2024-cü ildə yenidən münasibətlərini davam etdiriblər. Səlimə mərhumun həyat yoldaşına yazaraq aralarındakı münasibət barədə məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 yaşlı Qəhrəman 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən olunub.
mənbə: demokrat.az