Bakının Xətai rayonunda 20 yaşlı qız bacısına bıçaqla xəsarət yetirib.
Məlumata görə, hadisə Xudu Məmmədov küçəsində yerləşən mənzildə baş verib. 2006-cı il təvəllüdlü Fazilə bacısı Könüllə şəxsi fenindən icazəsiz istifadə etməsi səbəbindən mübahisə edib. Mübahisə zamanı o, bacısına bıçaqla iki zərbə vuraraq ağır xəsarət yetirib.
Məhkəmədə Fazilə özünü təqsirli bilib. O, bacısının əvvəlcə onu təhqir etdiyini və fiziki zorakılıq göstərdiyini, bu səbəbdən özünü müdafiə etmək məqsədilə bıçağa əl atdığını bildirib.
Zərərçəkmiş Könül isə ifadəsində bacısının onu bıçaqlayacağını gözləmədiyini deyib. Onun sözlərinə görə, bıçaqla sol qolundan və belindən xəsarət alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faziləyə 3 il həbs cəzası verilib. Lakin Cinayət Məcəlləsinin müvafiq maddəsi tətbiq olunaraq cəza şərti hesab edilib və onun barəsində 1 il sınaq müddəti müəyyənləşdirilib.
Mənbə: demokrat.az