Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun anım günüdür.
Bakuplus.az xəbər verir ki, Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olub. O, Şərqdə ilk operanın müəllifi olmaqla yanaşı, Azərbaycan musiqi tarixində silinməz iz qoyub.
1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin yaşadığı evi gülləbaran ediblər. Nəriman Nərimanov onu təhlükədən uzaqlaşdırmaq üçün teatr truppası ilə birlikdə İrana göndərib. Əvvəlcə ölkəni tərk etmək istəməyən bəstəkar sonradan Nərimanovun təkidi ilə razılaşıb. Bir neçə ay sonra vətənə qayıdan Üzeyir bəy bununla da ölüm təhlükəsindən xilas olub.
Bəstəkarın həyatında ikinci təhlükə 1920-ci ildə yaranıb. Sovet hakimiyyətinin ilk illərində onun adı güllələnməsi nəzərdə tutulan 59 nəfərin siyahısına salınıb. Bu barədə xəbər tutan qaynı Hənəfi Terequlov Nəriman Nərimanova müraciət edib. Nərimanov siyahını tələb edərək qərara etiraz edib və onu cırıb atıb. Beləliklə, Üzeyir Hacıbəyov yenidən ölümdən qurtulub.
Dahi bəstəkarın yaradıcılığı Sovet rəhbərliyinin də diqqətini çəkib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Arşın mal alan" və "Koroğlu" əsərləri böyük maraqla qarşılanıb. Tamaşalara baxan İosif Stalin Üzeyir Hacıbəyovu "QAZ M-1" markalı avtomobillə mükafatlandırıb.
Maraqlı məqamlardan biri də bəstəkarın əsərlərinə münasibəti olub. O, "Arşın mal alan" filminin ekranlaşdırılmasından narazı qalıb və əsərlərini övladları hesab etdiyini bildirərək heç kimin onlara istədiyi kimi müdaxilə etməyə haqqı olmadığını deyib.
Üzeyir Hacıbəyov görkəmli bəstəkar Müslüm Maqomayevlə bacanaq olub. Maraqlıdır ki, onlar eyni ildə, eyni gündə – 18 sentyabr 1885-ci ildə dünyaya gəliblər.
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu", "Arşın mal alan" kimi ölməz əsərləri Azərbaycan musiqi mədəniyyətinin ən qiymətli nümunələri olaraq qalır.
Dahi bəstəkar 1948-ci il noyabrın 23-də, 63 yaşında Bakıda vəfat edib.