Bakı Şəhəri üzrə Təhsil İdarəsi Nərimanov rayonunda yerləşən 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında zorakılıq iddiasına münasibətini açıqlayıb.
Qurumdan Bakuplus.az-a bildirilib ki, VIII sinif şagirdinə qarşı bullinq iddiası ilə bağlı məktəbdaxili araşdırma aparılıb:
"Araşdırma çərçivəsində uşaqlar arasındakı kiçik anlaşılmazlıqla əlaqədar digər valideynlər məktəb rəhbərliyinin dəvətini qəbul etsələr də, narazılıq edən valideyn məktəbə gəlməkdən imtina edib. Qeyd olunan valideyn övladının intizamsızlığına və dərslərə hazırlığının aşağı olmasına görə dəvət olunduğu digər vaxtlarda da məktəbə gəlməyib".
Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır:
"Məktəb psixoloqu tərəfindən şagirdlərlə müvafiq dəstəkləyici tədbirlər həyata keçirilir. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib".
Qeyd edək ki, redaksiyamıza 47 nömrəli məktəbdə dörd şagirdin birləşərək sinif yoldaşlarına qarşı zorakılıq etməsi ilə bağlı məlumat daxil olmuşdu.